BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” mövzusunda seminar keçirilib. Seminar “Ərzaq və Kənd Təsərrüfatı üzrə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı”na (FTPP II) əsasən maliyyələşdirilən “Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Foodinfo.az xəbər verir ki, AQTA, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə FAO və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən birgə hazırlanmış “Qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası haqda ətraflı məlumat verilib. Bildirlib ki, sözügedən konsepsiya milli səviyyədə qida nəzarət sistemlərinin effektivliyinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsində üzv ölkələrə kömək etmək məqsədi daşıyır. Azərbaycanda da tətbiqi nəzərdə tutulan konsepsiya beynəlxalq təcrübəyə əsaslanaraq, mövcud qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi yolu ilə bu sahənin inkişafı üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə imkan verəcək.
Seminara "Zoom" vasitəsilə qoşulan FAO ekspertlərinin mövzu ilə bağlı geniş təqdimatından sonra qida təhlükəsizliyinə nəzarət sahəsində metodologiya, beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb, qiymətləndirilmə prosesinin həyata keçirilməsində Azərbaycan üçün konkret məqsədlər, gözlənilən nəticələr və tərəfərin icra öhdəlikləri müzakirə olunub.