Ukrayna ötən cümə günü İstanbulda əldə olunan razılaşmadan sonra taxılla yüklənmiş ilk gəminin bir neçə gün ərzində Qara dənizə çıxa biləcəyini açıqlayıb. Foodinfo.az xəbər verir ki, bununla bağlı Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov açıqlama verib. “Tərəflər təhlükəsizlik zəmanəti versələr, bu müqavilə işləyəcək" - deyə o bildirib. Kiyevdə çıxış edən Kubrakov ticarət gəmilərinin konvoy halına gətiriləcəyini və onları Ukrayna Hərbi Dəniz Qüvvələrinin müşayiət edəcəyini söyləyib. İki ölkə arasındakı saziş dörd ay müddətində qüvvədə olacaq. İstanbulda BMT, Türkiyə, Rusiya və Ukrayna nümayəndələrindən ibarət nəzarət mərkəzi yaradılacaq və həmin mərkəz Ukrayna gəmilərinin bir qismini yoxlayacaq.