Xaricə ixracına görə Azərbaycana ən çox pul gətirən məhsullar məlum olub. Foodinfo.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2022-ci ilin oktyabr ayı üzrə “İxrac icmalı”nı açıqlayıb. İcmala əsasən, oktyabr sayına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları, yəni bütün ixracın 7,1%-ni təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17% artıb. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7% artıb. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon ABŞ dolları təşkil etmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  karbamid (163,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (147,1 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (134,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 602,2 milyon ABŞ dolları, Türkiyəyə 511,6 milyon ABŞ dolları, Gürcüstana 144,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 136,3 milyon ABŞ dolları və ABŞ-a isə 63,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.