Kəskin respirator virus infeksiyaları ən çox yayılan və epidemiyaya meyilli xəstəliklərdəndir. Hər il dünyada bir milyarddan artıq insan bu xəstəliklə mübarizə aparır. Bunların 70 faizi uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəbli uşaqlar arasında olur. Bu yaşda uşaqların xəstələnməsinin səbəbi onların uşaq kollektivlərinə - məktəb və bağçalara getməsi ilə əlaqədardır.

Foodinfo.az xəbər verir ki, bunu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı Şəhla Verdiyeva deyib. Pediatrın sözlərinə görə, bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri eynidir: “Hərarətin tədricən qalxması, baş ağrısı, burun tutulması, öskürək, iştahanın azalması, yuxusuzluq, boğazda, göz almasında olan ağrılar və digər əlamətlər xəstəliyin ilkin simptomlarına daxildir. Yoluxma asqırma və öskürək zamanı milyonlarla virusun ətrafa yayılması zamanı qeydə alınır. Bu zaman digər xəstəliklərin də (angina, uşaq serebral iflici, vərəm, böyrək xəstəlikləri və digər) kəskinləşməsi yarana bilir. Uşaqlarda anginanın əmələ gəlməsinin bir səbəbi də kəskin respirator xəstəliklərinə tez-tez yoluxmaqdır”.

Daha sonra həkim valideynlərə müraciət edərək deyib: “Övladlarınız virusa yoluxarsa, xəstəlik ağırlaşmadan həkimə müraciət etməli və virusun qarşısını vaxtında almalısız!".