
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur keçirib. Media nümayəndələrinin iştirak etdiyi infoturun keçirilməsində məqsəd qida təhlükəsizliyi tələblərinə uyğun heyvan kəsimi və satışı fəaliyyəti, həmçinin Qurban bayramı ərəfəsində təhlükəsiz və sağlam şəraitdə heyvan kəsimi və satışının həyata keçirilməsi üçün zəruri tədbirlərlə bağlı jurnalistləri məlumatlandırmaqdır.
Foodinfo.az-ın məlumatına görə, tədbirdə iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların qida təhlükəsizliyi tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verilib. Təlimdə jurnalistlərə Xəzər rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb, onlara kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda bayram günlərində media nümayəndələrinin də iştirakı ilə ictimai nəzarət tədbirlərinin gücləndirilməsi üçün birgə fəaliyyətin həyata keçirilməsi müzakirə olunub. Bildirilib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə əvvəlcədən müəyyən olunmuş ərazilərdə kəsim məntəqələri fəaliyyət göstərəcək. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə, park və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.
İnfotur çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, AQTA aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək. Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.
[gallery ids="48427,48428,48429,48430,48431,48432,48433"]