Mağazalarda satılan çörəyin etiketi üzərində göstərilən çəkisi ilə faktiki çəkisi arasında uyğunsuzluq olduqda, istehlakçı hara müraciət etməlidir? Foodinfo.az xəbər verir ki, bu suala Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aydınlıq gətirib. “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçıların mal, iş və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Həmçinin, “Yeyinti məhsulları haqqında”, eləcə də, 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunlara əsasən, qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə uyğun olaraq qablaşdırılmalıdır. Qida məhsullarının etiketində istehlakçıya miqdarla bağlı dolğun məlumat verilməlidir. Çörəklərin üzərində çəkisi göstərilmədiyi halda istehlakçı Qida Təhlükəsizliyi Agentliyinə, çörəyin faktiki çəkisinin üzərində göstərilən çəkidən az olması halları ilə bağlı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.