Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında olub.
Foodinfo.az-ın xəbərinə görə, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli AQTİ-nin fəaliyyət istiqamətləri, eləcə də tabeliyində fəaliyyət göstərən laboratoriyalar və onların maddi-texniki bazası barədə qonaqlara geniş məlumat verib. Bildirilib ki, İnstitutun fəaliyyəti əsasən qida təhlükəsizliyinə dair elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması, eləcə də mövcud beynəlxalq standartların, norma və qaydaların tələbi nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanmasından ibarətdir və tabeliyində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda infrastruktur beynəlxalq standartlar səviyyəsində qurularaq, ən müasir avadanlıqlarla təchiz edilib, burada qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə və analizlər həyata keçirilir.
Görüş çərçivəsində qonaqlar Milli Referens Laboratoriyası və Kompleks Tədqiqatlar Laboratoriyasında laborator sınaqların həyata keçirildiyi otaqlara baxış keçiriblər, sınaqların aparılması prosesini izləyiblər, cihaz və avadanlıqlarla əyani tanış olublar. Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini ölkəmizdə müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və davamlı təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən qida məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi, risklərin və böhran vəziyyətlərinin idarəedilməsi ilə bağlı təcrübə mübadiləsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair məsələlər müzakirə olunub. Dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı vurğulanıb.
[gallery ids="49469,49470,49471"]