Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Kənd təsərrüfatında rəqabətliliyin artırılması” layihəsi çərçivəsində Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüşdə layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu və ondan irəli gələn məsələlərin icrası ilə bağlı müzakirələr aparılıb. AQTA sədri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun işlənib hazırlanmasında Dünya Bankı tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə Agentlik tərəfindən hazırda Azərbaycanda zərərvericilərdən, eləcə də heyvan xəstəliklərindən azad zonaların, izlənilmə sistemlərinin (qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı üzrə İT sistemləri), sərhəd nəzarət məntəqələrinin və risk əsaslı idxal nəzarəti sisteminin yaradılması, müvafiq informasiya sisteminin (İT) qurulması, kadr potensialının gücləndirilməsi, risk əsaslı qida təhlükəsizliyi yoxlamalarının həyata keçirilməsi üçün İT sisteminin təkmilləşdirilməsi, ixrac potensiallı qida məhsulları üzrə milli monitorinq proqramlarının və müvafiq tədqiqat metodlarının hazırlanması və akkreditasiyası, yeni laboratoriyaların yaradılması və mövcud laboratoriyaların infrastrukturunun, avadanlıq və metodların təkmilləşdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Dünya Bankının nümayəndə heyəti tərəfindən qeyd olunan tədbirlərin xüsusi əhəmiyyət daşıdığı və həmin sahələr üzrə əməkdaşlıq etməkdə maraqlı olduqları vurğulanıb.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.