İyulun 14-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Latviya Respublikasının kənd  təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşüb. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə AQTA sədri ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, tətbiq olunan yeniliklər, o cümlədən ixrac-idxal prosedurları ilə bağlı aparılan nəzarət tədbirləri barədə məlumat verib. Sədr həmçinin ölkəmizdə ixrac-idxal əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarət prosesinin daha səmərəli şəkildə həyata keçirilməsi məqsədilə gömrük rəsmiləşdirilməsinin aparıldığı sahələrdə müvafiq nəzarət məntəqələrinin yaradılması istiqamətində görülən işlərdən danışıb. Latviyanın sözügedən sahədəki təcrübəsinin faydalı ola biləcəyinə diqqət çəkən Q. Təhməzli bu məqsədlə Agentliyin nümayəndə heyətinin cari ilin sentyabr ayında Latviyaya səfərinin nəzərdə tutulduğunu xatırladıb. Latviya Respublikasının kənd təsərrüfatı naziri Kaspars Gerhards ölkələrimiz arasında dostluq münasibətlərinin dinamik inkişaf etdiyini, ikitərəfli əlaqələr üzrə əməkdaşlıq istiqamətlərinin getdikcə genişləndiyini, bu münasibətlərdə qida təhlükəsizliyi sahəsinin də xüsusi rolu olduğunu  vurğulayıb. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edən görüşdə Azərbaycan və Latviya respublikaları arasında qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərin iki ölkənin ixrac-idxal əməliyyatlarının genişləndirilməsinə, qida və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin atırılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, AQTA sədri Qoşqar Təhməzli Elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu ilin may ayında Latviyada keçirilən 8-ci iclasında iştirak edib. Latviyaya səfər çərçivəsində AQTA ilə Latviyanın Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.