
Şəkər yalnız arıqlamaq istəyənlərin deyil, ürək sağlamlığını qorumaq istəyən hər kəsin diqqət etməli olduğu əsas risk faktorlarından biridir.
Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, gündəlik şəkər istehlakının normadan artıq olması təkcə çəkidə artıma deyil, ürək-damar xəstəliklərinin yaranmasına və irəliləməsinə də səbəb olur.
Şəkər qəbulu bədəndə bir sıra metabolik və hormonal dəyişikliklərə yol açır. Xüsusilə süni şəkərlər, qənnadı məmulatları, qazlı içkilər və hazır qidalar ürəyə birbaşa təsir edir.
Həmçinin bədəndə insulinin yüksəlməsinə səbəb olur. Bu da damarların daralmasına, nəticədə isə arterial təzyiqin artmasına gətirib çıxarır. Yüksək təzyiq də ürək-damar sisteminə yük salır.
Qədərindən artıq şəkər qəbulu iltihabı artırır və damar divarlarını zədələyir. Bu isə arteriyalarda sərtlik və daralma ilə nəticələnə bilər.
Bu qida qaraciyərdə yağ sintezini artırır, bu da "pis" LDL xolesterin və trigliserid səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.
Artıq şəkər uzunmüddətli istehlak olunduqda bədənin insulina qarşı həssaslığı azalır. Bu vəziyyət tip 2 diabetlə yanaşı ürək-damar xəstəlikləri riskini də artırır.