Aqrar Sığorta Fondu son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlarla bağlı fermerlərə müraciət edərək, baş verən sığorta halları ilə barədə fonda məlumat verməyə çağırıb.
İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı, rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib.
Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edir ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kimi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər görmüş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək.
Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır.
Fond bildirir ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq.