Stressin təsiri təkcə psixoloji vəziyyətlə məhdudlaşmır, o, genetik səviyyədə də dəyişikliklərə səbəb ola bilər. Foodinfo.az “Абзац” nəşrinə istinadla xəbər verir ki, bu barədə genetik Konstantin Kitaev açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, stress DNT-nin öz strukturunu deyil, onun “qablaşdırılma” formasını dəyişir. Bu isə genlərin necə işləməsinə təsir göstərir. Yəni, müəyyən genlər gələcəkdə fərqli aktivləşə bilər və bu dəyişikliklər dərhal deyil, zaman keçdikcə üzə çıxır.
Araşdırmalar göstərir ki, aclıq, temperatur dəyişiklikləri və digər stress faktorları DNT-nin bu “qablaşdırılma” mexanizminə təsir edir. Nəticədə bəzi genlərin fəaliyyəti dəyişir və bu, orqanizmin xüsusiyyətlərinə təsir göstərə bilər.
Ən diqqətçəkən məqamlardan biri isə odur ki, bu dəyişikliklər yalnız bir insanla məhdudlaşmaya bilər. Alimlərin fikrincə, stressin yaratdığı təsirlər gələcək nəsillərdə də özünü göstərə və sağlamlığa uzunmüddətli təsir edə bilər.






