İranda vəba xəstəliyinə yoluxanların sayı durmadan artır. Foodinfo.az-ın məlumatına görə, xəstəliklərin demək olar ki hamısı ölkənin qərbində yerləşən Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müşahidə edilib. Qeyd olunur ki, xəstələrin yarısı qısa müddətdə qonşu ölkələrə səfər edərək geri qayıdıblar. Son zamanlar İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba xəstəliyinə rast gəlinib. Bu xəstəliyin əsas əlamətləri nələrdir, Azərbaycanda da yayılma təhlükəsi varmı? Mövzu ilə bağlı Editor.az-a açıqlama verən həkim Zülfiqar Yusifov bildirdi ki, bu xəstəlik yüksək hərarət, ishal, halsızlıq kimi əlamətlərlə özünü biruzə verir: “Xəstələrin bədəni davamlı ishaldan kəskin şəkildə üzülür. Vaxtında bu problem öz həllini tapmasa, adekvat olaraq mikroba qarşı mübarizə aparılmasa orqanizm üçün olduqca xoşagəlməz nəticələrə səbəb ola bilər. Vəba xəstəliyi uzun zamandır ki, ortada yox idi. Daha çox qida və su vasitəsilə yayılır. Gigiyenik vasitələrdən düzgün istifadə olunmadıqda sürətlə arta bilir. İndiki dövrdə bu xəstəliyin yayılması o qədər də xoşagələn hal deyil. Birinci növbədə maarifləndirmə işləri aparılmalıdır. Dezinfeksiya işləri bütün təhsil müəssisələrində, evlərdə həyata keçirilməlidir. Şəxsi gigiyena qaydalarına, insanlarla ünsiyyət zamanı ara məsafəsinin saxlanılmasına ciddi əməl etmək olduqca vacibdir”.