Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşları arasında online görüş keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə cari ildə imzalanması nəzərdə tutulan “Аzərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi müzakirə edilib. Bildirilib ki, saziş iki ölkə arasında bitki mühafizəsi və karantini sahəsində birgə fəaliyyətin genişləndirilməsinə, bitki və bitkiçilik məhsullarının idxal-ixrac prosesinin sadələşdirilməsinə imkan verəcək. Tədbirdə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin və qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadiləsinin miqyasının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda bitki, bitkiçilik və digər fitosanitar nəzarətə aid məhsulların ikitərəfli ticarəti ilə əlaqədar sanitar və fitosanitar tədbirlər sahəsində əməkdaşlıq istiqamətində əlaqələrin inkişaf edəcəyinə əminlik ifadə edilib.