Azərbaycanda uzun illərdir Xəzər akvatoriyasında geniş yayılmış kütüm balığı son dövrlərdə ciddi şəkildə azalıb.
BAKU.WS-in məlumtına görə, bir vaxtlar bölgənin ekosistemində mühüm rol oynayan və yerli şəraitə yüksək uyğunluğu ilə seçilən bu növ balıqları tapmaq müşkülə çevrilib.
Kütümün həm ekologiya, həm də balıqçılıq təsərrüfatı üçün əhəmiyyətinə baxmayaraq, onun azalması ekosistemdə balansın pozulmasına və iqtisadi zərərə səbəb olur.
Maraqlıdır ki, ölkədə kütüm balığı ilə bağlı son durum necədir və bu balığın artırılması istiqamətində hansı addımlar atılır?
Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, kütüm hazırda ov balığıdır və bununla bağlı kvota 2025-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib:
"Növbəti il də mərkəz tərəfindən veriləcək. Ekspedisiyalar zamanı kütüm balığının ehtiyatlarının dayanıqlığı o qədər də gözə çarpmayıb. Buna görə kvota minimum hədlərdə veriləcək.
Kütüm balıqları ilə bağlı müəyyən elmi-tədqiqat işlərinə də başlanılıb. Bu növ balıqların mərkəzin tabeliyində olan təsərrüfatlarda süni yolla artırılması işləri görülür.
Ehtiyatların bərpası sahəsində işləri aparılacaq ki, bu sahə dayanıqlı olsun və kütüm balığının ovu və akvakulturaya keçidi təmin edilsin".






