Dar alt paltarları, sıx cinslər və hətta bərk rezinkalı corablar düşündüyünüzdən daha ciddi fəsadlara səbəb ola bilər. Foodinfo.az bildirir ki, Piroqov Universitetinin Anatomiya və Morfologiya İnstitutunun müəllimi Vyaçeslav Artişçev belə geyimlərin orqanizmə təsirindən danışıb.
Mütəxəssisin sözlərinə görə, çox dar sinəaltılar təkcə narahatlıq yaratmır, həm də dərinin qıcıqlanmasına, qan dövranının pozulmasına və kürək əzələlərinə əlavə yük düşməsinə səbəb olur. Zamanla bu vəziyyət əzələlərin xroniki gərginliyinə və hərəkət imkanının məhdudlaşmasına gətirib çıxara bilər.
Bədənə həddindən artıq sıx oturan alt paltarları bud və bel nahiyəsində qan dövranını zəiflədir, nəticədə uyuşma, şişkinlik və ağırlıq hissi yarana bilər. Bu, xüsusilə uzun müddət oturaq həyat tərzi keçirənlərdə daha qabarıq hiss olunur.
Dar şalvarlar və sərt kəmərli cinslər qarın nahiyəsində artıq təzyiq formalaşdırır. Artişçevin fikrincə, bu təzyiq həzm sisteminin fəaliyyətinə mənfi təsir göstərə və qaz, ağırlıq, turşu qayıtması kimi şikayətləri artıra bilər.
Həkim həmçinin qeyd edir ki, çox bərk rezinkalı corablar və ayaqqabılar da təhlükəsiz deyil. Onlar ayaqlarda qan dövranını pozaraq soyuqluq, keyimə və şişkinlik kimi problemlərə gətirib çıxara bilər.
Mütəxəssis tövsiyə edir ki, rahatlıq və sağlamlıq üçün geyim seçərkən ölçüyə xüsusi diqqət yetirilsin və gündəlik istifadə zamanı bədəni sıxan modellərdən mümkün qədər uzaq durulsun.






