Gündə cəmi bir ovuc balqabaq tumu qəbul etmək həm ümumi sağlamlığı dəstəkləyir, həm də bir çox xəstəliklərin qarşısının alınmasına töhfə verir. 

Foodinfo.az xəbər verir ki, balqabaq tumu vitamin, mineral və faydalı yağlarla zəngin olduğu üçün qida rasionunda xüsusi yer tutur.

Balqabaq tumu omeqa-3 və omeqa-6 yağ turşuları ilə zəngindir. Bu maddələr pis xolesterini azaldır, qan damarlarını qoruyur və ürək-damar xəstəliklərinin riskini aşağı salır.

Tərkibindəki sink, maqnezium və E vitamini immun sisteminin fəaliyyətini gücləndirir, bədənin infeksiyalara qarşı müqavimətini artırır. Qış aylarında balqabaq tumunun daha çox qəbul edilməsini tövsiyə edilir.

Balqabaq tumu təbii triptofan mənbəyidir. Bu maddə orqanizmdə serotonin və melatoninin sintezini artıraraq daha sakit yuxu və stressin azalmasına şərait yaradır.

Araşdırmalar göstərir ki, balqabaq tumu qan şəkərinin stabil qalmasına kömək edir. Bu xüsusiyyət onu diabet riskinin azalmasında dəyərli qida edir.

Balqabaq tumu yüksək lif tərkibi ilə həzmi sürətləndirir, qəbizlik probleminin qarşısını alır və bağırsaq mikroflorasını gücləndirir.

Xüsusilə duzsuz və qovrulmamış formada qəbul edildikdə ən yüksək faydanı verir. Həddindən artıq istifadə isə kalori yükünü artıra bilər, buna görə gündə bir ovuc kifayət edir.