Bayram öncəsi sürətlə çəki atmaq cəhdləri çoxlarını ciddi səhvə sürükləyir. Foodinfo.az bildirir ki, Moskva vilayətinin Səhiyyə Nazirliyinin baş dietoloqu İnna Pçuqina sərt “ilsonu pəhrizləri”nin yaratdığı təhlükələrdən danışıb.

Mütəxəssis qeyd edib ki, qısa müddətli və ciddi qida məhdudiyyətləri bayram süfrəsinə əyləşən zaman kəskin həddindən artıq yeməyə səbəb ola bilər. Orqanizm uzun müddət enerji və qida maddələrinin çatışmazlığını yaşadıqda, bayram günü bunu “bərpa etmək” istəyir və insan özünü idarə edə bilmir.

Pçuqinanın sözlərinə görə, belə hallardan qorunmağın ən etibarlı yolu bayrama yaxın günlərdə tamdəyərli səhər yeməyi, nahar və şam qəbul etməkdir. Bu zaman bədən makro- və mikroelement çatışmazlığı siqnalları göndərmir və insanın kompensasiya etmək istəyi yaranmır.

Ekspert əlavə edib ki, yayğın səhvlərdən biri də sərt pəhrizin immuniteti zəiflətməsidir. O xatırladıb ki, viruslarla mübarizə aparan anticisimlərin əsas “tikinti materialı” zülaldır. Onun mənbələrinə ət, süd məhsulları, yumurta, balıq, eləcə də paxlalılar, çərəzlər və dənli bitkilər daxildir.

Bundan başqa, immun sisteminin düzgün fəaliyyəti üçün yağlar, probiotiklər, vitaminlər və mikroelementlər vacibdir. Mütəxəssis xəbərdarlıq edir ki, pəhriz bu maddələrin qəbulunu ciddi şəkildə məhdudlaşdırdıqda, orqanizmin müdafiə gücü azalır və xəstəliklərə qarşı həssaslıq artır.

Diyetoloq tövsiyə edir ki, bayram öncəsi çəki idarəsi planı hazırlayanlar məhdudiyyətlərdən çox balanslı və davamlı yemək modelinə üstünlük versinlər.