Zəncəfilin tərkibində olan təbii maddələr orqanizmdə bir çox prosesləri dəstəkləyir və onun çay şəklində qəbulu sağlamlığa mühüm töhfə verir. Foodinfo.az bildirir ki, həkim-terapevt Yelena Revkova zəncəfil çayının gündəlik istifadə üçün ən faydalı içkilərdən biri olduğunu qeyd edib.
Mütəxəssis bildirib ki, zəncəfilin tərkibindəki gingerol adlı komponent güclü iltihabəleyhinə təsir göstərir. Onun sözlərinə görə, bu maddə xroniki iltihabın azalmasına yardım edir ki, bu da bir sıra xəstəliklərin, o cümlədən oynaq problemləri və ürək-damar pozğunluqlarının risk fonunu aşağı sala bilər.
Revkova əlavə edib ki, zəncəfil çayı qan dövranını yaxşılaşdırır, mikrotsirkulyasiyanı aktivləşdirir və mövsümi virus infeksiyaları zamanı simptomların yüngülləşməsinə kömək edir. O vurğulayıb ki, içki bəlğəmin durulaşmasına, tənəffüsün rahatlaşmasına və həzm sisteminin daha yaxşı işləməsinə də müsbət təsir göstərir.
Həkimin sözlərinə görə, zəncəfil çayı xüsusilə soyuq aylarda immuniteti gücləndirən təbii vasitə kimi gündəlik rasiona daxil edilə bilər.






