Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi internet saytında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkədəki xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad status alması məqsədilə böhran vəziyyətinin idarə olunması üçün keçirəcəyi simulyasiya təlimi ilə bağlı məlumat öz əksini tapıb.
Foodinfo.az xəbər verir ki,məlumatda qeyd olunur ki, simulyasiya təliminin keçirilməsində məqsəd xırdabuynuzlu heyvanların taunu xəstəliyinin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi, xəstəliklə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması və bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılmasıdır.
Qeyd edək ki, sözügedən təlim 20-21 iyul tarixlərində Şabran rayonunda Agentliyin və digər aidiyyəti dövlət qurumularının əməkdaşlarının iştirakı ilə baş tutacaq.
Təlimdə xəstəlik törədicisinin mümkün yoluxma yollarını müəyyənləşdirmək məqsədilə epizootoloji təhlil aparılacaq, ehtimal olunan ocağın sərhədləri, qeyri-sağlam məntəqə və təhlükəli zona müəyyən ediləcək. Epidemioloji araşdırmanın nəticəsinə əsaslanaraq, potensial əlaqəli müəssisələrə rəsmi nəzarətin təşkil edilməsinə dair göstəriş veriləcək və təsərrüfatlarda xırdabuynuzlu heyvanların taununun mövcudluğunu müəyyən etmək üçün lazımi araşdırmalar aparılacaq.
Xəstəliyin müəyyən edilməsi işlərindən dərhal sonra həmin müəssisənin ətrafında mühafizə və müşahidə ərazisi müəyyənləşdiriləcək, eyni zamanda yoluxma zonasında təcridetmə və dezinfeksiya işləri həyata keçiriləcək.
Xatırladaq ki, ÜHST 1920-ci ildə Belçikada iribuynuzlu heyvanlarda taun xəstəliyinin baş verməsindən sonra 25 yanvar 1924-cü ildə Parisdə yaradılıb. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ÜHST-ni zoonoz xəstəliklər də daxil olmaqla, heyvan sağlamlığına dair beynəlxalq standartları müəyyən edən istinad təşkilatı kimi tanıyır. Hazırda təşkilata 182 ölkə üzvdür. Azərbaycan 1995-cü ildən bu təşkilatın üzvlüyünə qəbul edilib.