Ölkəyə idxal olunan yüklərdən götürülmüş nümunələr (sınaq şüşələrinə toplanmış nümunələr də daxil olmaqla) səlahiyyətli orqanın müfəttişi tərəfindən ekspertiza keçirilənə qədər nümunələrin qorunmasına və onların gizli şəkildə dəyişdirilməsinin mümkünsüzlüyünə təminat veriləcək şəkildə möhürlənir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilib. Təlimatda həmçinin qeyd olunub ki, nümunə götürülmə prosesi başa çatdırıldıqdan sonra dərhal müfəttiş tərəfindən bu barədə akt tərtib edilir. Akt üç nüsxədən ibarət olur ki, bu nüsxələrdən biri nümunə ilə birlikdə aktla təsvir edilmiş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlər üzrə sınağının aparılması və digər sənədləşmə işlərinin aparılması məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş aidiyyəti laboratoriyaya göndərilir. Aktın ikinci nüsxəsi səlahiyyətli orqanda saxlanılır. Aktın digər nüsxəsi isə nümunə götürülmüş yükün sahibində saxlanılır. Götürülmüş nümunələr müfəttişin nəzarəti ilə müşayiət edilir və səlahiyyətli orqanın nəqliyyat vasitələri ilə müvafiq laboratoriyalara çatdırılır.