Son dövrlərdə sağlam qidalanma trendləri arasında xüsusi yer tutan sarıköklü süd həm ənənəvi təbabətdə, həm də müasir dietologiyada diqqət mərkəzindədir. Bu sadə içki bir sıra sağlamlıq problemlərinin qarşısının alınmasında faydalı hesab olunur.
Foodinfo.az xəbər verir ki, sarıkökün tərkibində olan kurkumin maddəsi güclü antioksidant və iltihabəleyhinə təsirə malikdir. Bu xüsusiyyət sayəsində sarıköklü süd immun sistemini gücləndirərək orqanizmi xəstəliklərə qarşı daha davamlı edir.
Xüsusilə soyuq aylarda bu içkinin istifadəsi soyuqdəymə və qrip riskini azaltmağa kömək edir. Eyni zamanda, sarıköklü südün sinir sisteminə müsbət təsir göstərdiyi və yuxu keyfiyyətini yaxşılaşdırdığı bildirilir.
Bundan əlavə, mütəxəssislər bu içkinin həzm sisteminə faydalı təsir etdiyini, mədə-bağırsaq problemlərini azaltdığını vurğulayır.
Sarıköklü südün müntəzəm istifadəsi həm də ürək-damar sağlamlığını dəstəkləyir və dərinin daha sağlam görünməsinə kömək edir.
Bununla yanaşı, bəzi hallarda ehtiyatlı olmaq lazımdır. Belə ki, öd kisəsi problemi olanlar, qan durulaşdırıcı dərman qəbul edənlər və hamilə qadınlar bu içkini istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Qeyd edək ki, sarıköklü südün təsirini artırmaq üçün ona bir çimdik qara istiot əlavə etmək də tövsiyə edilir. Bu, faydalı maddələrin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə şərait yaradır.






