Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankının birgə layihəsi çərçivəsində “Zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi” mövzusunda təlim keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, təlimdə zərərvericilərdən azad zonaların yaradılması üçün Beynəlxalq Bitki Sağlamlığı Konvensiyasının (İPPC) müvafiq standartlarının tətbiq edilməsi barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, zərərli orqanizmlərdən azad zonaların yaradılması və istifadəsi bitki, bitkiçilik məhsulları və digər tənzimlənən məhsulların bu zonaların yerləşdiyi ölkədən digər ölkələrə ixracını nəzərdə tutur. Eyni zamanda qeyd edilib ki, belə zonalarda müəyyən əlavə tələblər yerinə yetirildikdə digər fitosanitar tədbirlərin həyata keçirilməsinə ehtiyac qalmır.
Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı”nın icrası ilə əlaqədar zərərli orqanizmlərdən azad zonaların yaradılması fitosanitar vəziyyətin yaxşılaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə, məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq tələblərə uyğunlaşdırılmasına və məhsul ixracının asanlaşdırılmasına imkan verəcək.
[gallery ids="49073,49074,49075,49076"]