Pomidor və xiyar Azərbaycan mətbəxində ən çox istifadə olunan tərəvəzlərdəndir və çox vaxt salatlarda birlikdə təqdim olunur.

Foodinfo.az bildirir ki, bu tərəvəzlərin birlikdə istehlakı adətən sağlamlıq üçün zərərli deyil, lakin bəzi nüanslara diqqət yetirmək faydalıdır.

Xiyarın tərkibində çoxlu miqdarda su və bəzi fermentlər var. Bu fermentlər pomidorla qarışdıqda həzm prosesini çətinləşdirə bilər, bəzi insanlarda mədədə şişkinlik və yüngül narahatlıq yarada bilər. Eyni zamanda, çox həssas mədə və bağırsaq sistemi olan şəxslər üçün bu qarışıq həzm zamanı qaz əmələ gəlməsinə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, pomidor və xiyarın birlikdə istifadəsi balanslı qidalanmada problem yaratmır. Xüsusilə tərəvəzləri azacıq zeytun yağı və limonla birlikdə salat şəklində yemək həzmə kömək edir və vitaminlərin udulmasını yaxşılaşdırır.

Qeyd etmək lazımdır ki, tərəvəzlərin keyfiyyəti və təzəliyi də vacib amildir. Təzə və düzgün yuyulmuş pomidor və xiyar həm dadlı, həm də sağlamdır.