Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Böyük Britaniyanın Qida Standartları Agentliyinin (FSA) direktor müavini Maykl Ceksonla görüş keçirib. Nümayəndə heyətinin rəhbəri agentliyin sədr müavini Rəşad Mafusov AQTA-nın fəaliyyət istiqamətləri, ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Böyük Britaniyanın Qida Standartları Agentliyinin fəaliyyəti, eləcə də qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı sistemi ilə bağlı zəruri məlumatlar nümayəndə heyətinin diqqətinə çatdırılıb. Həmçinin, sistemin iş prinsipləri üzrə praktik təlim təşkil olunub. Səfər çərçivəsində AQTA əməkdaşları Birminhem Universitetində və şəhərinin yerli icra hakimiyyəti orqanının qida təhlükəsizliyi bölməsində görüş keçiriblər. Görüş zamanı bu ölkədə tətbiq edilən qida təhlükəsizliyi qeydiyyatı sistemi, elektron qeydiyyat, aparılan təftişlər, qida reytinq sistemi nümayiş etdirilib. Eləcə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Birminhem Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.