Əksər insanlar piroq yemə xoşlayırlar. Foodinfo.az ispanaq və badımcanla piroq hazırlanmasının düzgün reseptini verir. Tərkibi: 400 q qat-qat xəmir 200 q Filadelfiya pendiri (bərk pendirlə əvəzləmək olar) 200 q ispanaq 1 badımcan 1 yumurta 2 diş sarımsaq duz qara istiot zeytun yağı Hazırlanması: İspanağı yaxşıca yuyub suyunu çəkməsi üçün kağız salfetkanın üstünə düzün. Sarımsağı xırda doğrayıb bitki yağında qızılı rəng alanadək qovurun, ispanağı əlavə edib iki dəqiqə bişirin. Duz vurub ocaqdan götürün. Badımcanı fal-fal doğrayıb hər iki üzünü qırmızı rəng alanadək yağsız tavada qızardın, duz-istiot vurun. Kasada pendirlə yumurtanı qarışdırın.  Xəmiri düzbucaqlı yayın. Gözəyarı 3 yerə bölün. İki kənarında paralel kəsiklər edin, ortasını bütöv saxlayın. Xəmiri perqament döşənmiş siniyə qoyun. Kəsiklərin bərabərində ortada badımcan dilimlərini düzün. İspanağı bərabər qaydada yayın. Üzərinə pendirli qarışığı çəkin. Əgər badımcan dilimləri qalıbsa, onu da üzərinə düzün. Sonra xəmirin iki kənarını ortada ağız-ağıza gətirib düyün kimi bitişdirin. Bu zaman əllərinizi isladın ki, xəmirin "tikişləri" açılmasın. Piroqun üzərinə zeytun yağı çəkib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Süfrəyə isti-isti verin. Nuş olsun!