Bu yaxınlarda aparılan araşdırma təşviş və iztirabdan əziyyət çəkən, dərmanlarla da rahatlıq tapa bilməyən insanlar üçün ümid işığı yandırıb.
Foodinfo.az xəbər verir ki, alimlər CRISPR/Cas9 genlərini redaktə etmə texnologiyasını beyinə "çatdırmaq" üçün qeyri-invaziv üsul hazırlayıblar. Siçanlar üzərində uğurla sınaqdan keçən bu üsul narahatlıq və depressiya ilə əlaqəli geni hədəf alır.
Panik pozğunuq və sosial təşviş pozğunluğu kimi narahatlıqlar bir insanın rifahına və gündəlik fəaliyyətlərinə ciddi təsir göstərə bilər. Beyni zərərli maddələrdən qoruyan spesifik maneə beyinə daxil olmağa çalışan terapevtik vasitələr üçün də problem yaradır.
Bu araşdırmada tədqiqatçılar CRISPR/Cas9 sisteminin intranazal (burundaxili) çatdırılmasından istifadə edərək irəliləyiş əldə ediblər. İnaksivasiya olunmuş adeno-assosiasiyalaşmış virusun (AAV) siçanların burunlarından yeridilməsi gen redaktə texnologiyasının beyindəki neyronlara çatmasına və əhval-ruhiyyənin tənzimlənməsinə təsir edən serotonin reseptoru genini (HTR2A) hədəf almasına imkan verib.
Beş həftə sonra siçanlar narahatlıq testlərindən keçiriliblər və müsbət nəticələr əldə olunub.
Müalicədən keçən siçanların narahat davranışları daha az olub, onlar gur işıqlı yerlərdə daha çox vaxt keçiriblər.
Tədqiqatçılar HTR2A ekspressiyasının 8,47 dəfə azaldığını qeyd ediblər və onların terapiyasının narahatlıq əleyhinə təyin olunan dərmanlar qədər təsirli olduğu qənaətinə gəliblər.
Bu tədqiqat müəyyən şəxsiyyət xüsusiyyətlərinin uzunmüddətli modifikasiyasını nümayiş etdirir və ənənəvi müalicə metodlarına yaxşı reaksiya verməyən insanlar üçün narahatlıq və depressiya ilə mübarizə aparmaq məqsədilə yeni dərmanların hazırlanmasına yol açır.
Klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var.
Leyla