Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin maarifləndirilməsi, sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində, eləcə də tarladan süfrəyə təhlükəsiz qida prinsipinin tətbiqi ilə bağlı silsilə tədbirlər həyata keçirməkdədir. Foodinfo.az-a bildirilib ki, Günümüzdə istehlakçılar, eləcə də sahibkarlar tərəfindən sosial şəbəkələrdən istifadənin geniş yayıldığı nəzərə alınaraq, Agentlik tərəfindən bu platforma vasitəsilə vətəndaşlarla ünsiyyətin qurulmasına xüsusi önəm verilir. Bu məqsədlə AQTA-nın “Facebook”, “Instagram”, “Twitter”, “Youtube”, “LinkedIN” və “Telegram” hesabları fəaliyyət göstərir. Bu hesablar üzərindən vətəndaşlar tərəfindən ünvanlanmış müraciət və şikayətlər qeydə alınaraq icra olunur, həmçinin geniş təbliğat-təşviqat işləri həyata keçirilir. Agentlik tərəfindən görülən işlər, yayımlanan maarifləndirici videoçarxlar, AQTA mütəxəssislərinin iştirak etdiyi televiziya və radio proqramları izləyicilərlə paylaşılır. Yanvar ayının 20-də AQTA-nın “Facebook” və “Instagram” hesabları rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənib. Qeyd edək ki, sosial şəbəkələrdə istifadə edilən mavi nişan səhifə və ya profilin orijinal olduğunu göstərir. Bu işarənin köməyi ilə orijinal səhifələr saxta səhifələrdən ayırd edilə bilir. Nəzərinizə çatdırırıq ki, vətəndaşlar Agentliyin rəsmi saytı vasitəsilə sosial şəbəkə keçid düymələrindən istifadə edərək səhifələri bəyənə və abunə olmaqla məlumatları operativ qaydada izləyə bilərlər.