Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Yaponiya şam uzunbığ böcəyinin (Lat. - Monochamus alternatus) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə ekspres risk təhlili həyata keçirilib. Yaponiya şam uzunbığ böcəyi bir sıra Cənubi Asiya ölkələrində yayılmış bitki zərərvericisidır. Bu növə daha çox Yaponiya, Çin, Koreya, Laos, Tayvan və Vyetnamda rast gəlinir. Zərərverici taxta qablaşdırma materiallarının beynəlxalq ticarəti zamanı Çindən Avropaya (Estoniya, Almaniya, Böyük Britaniya, Danimarka, Norveç) keçib. İndiyə kimi Yaponiya şam uzunbığ böcəyinin Azərbaycanda aşkar edilməsi ilə bağlı isə heç bir rəsmi məlumat qeydə alınmayıb. Adından da göründüyü kimi, zərərvericinin əsas sahib bitkisi şam ağacıdır, həmçinin, bu zərərverici Şamkimilər (Lat.-Pinaceae) və Sərvkimilər (Lat.-Cupressaceae) fəsiləsindən olan digər ağac növləri ilə qidalanır. Eyni zamanda, bu zərərvericinin sahib bitkilərinə Yapon qızılşamı  və Yapon qaraşamı, Çin qızılşamı aid edilir. Bundan başqa, zərərverici alma, ağcaqayın, ağ şam, Himalay sidriLivan sidriÇin ardıcı və digər ağac növlərinə də ziyan vura bilər. Yaponiya şam uzunbığ böcəyi orta illik temperaturdan və iqlim şəraitindən asılı olaraq ildə 1-2 nəsil verir və ömrünün çox hissəsini ağacda keçirir. Yaponiyanın Okinava ərazisində yetkin fərdlərə aprel-avqust aylarında, Mərkəzi Yaponiyada isə may-avqust aylarında təsadüf edilib. Dişi fərdlər qurumuş və yeni kəsilmiş ağacların budaqlarını gəmirməklə qabıq hissədə yarıqlar əmələ gətirir və hər yarığa bir yumurta qoyulmaqla orta hesabla 60-200 (bəzən 200-dən çox) yumurta qoya bilir. Sürfələr 6-9 gün ərzində yumurtadan çıxır. Pup mərhələsi 17-19 gün, erkən yetkinlik mərhələsi isə 6-8 gün davam edir. Yetkin fərdlər təbii şəraitdə 70-125 gün, laboratoriya şəraitində isə 25°C temperaturda orta hesabla 100 gün yaşayır. Yaponiya şam uzunbığ böcəyinin yetkin fərdləri sahib bitkilərin qabığı ilə qidalanır. Onlar yeni kəsilmiş və qurumuş ağaclara yumurta qoyaraq ağacların özəyini sirayətləndirir. Sürfələrin qidalanması və inkişafı bitkilərin məhvini sürətləndirir və əmtəə dəyərini aşağı salır. Yaponiyada ən çox ağac itkisi 1979-cu ildə qeydə alınıb. Həmin il Yaponiya şam uzunbığ böcəyi 2,4 milyon kubmetr ağaca ziyan vurub.