Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən tərəvəz yarpaq lağımlayıcısının (Latş - Liriomyza sativae) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə ekspres risk təhlili həyata keçirilib. Tərəvəz yarpaq lağımlayıcısı - ilk dəfə Argentinada yonca bitkisinin yarpağında aşkar edilib. Daha sonra bu zərərvericiyə Şimali, Mərkəzi və Cənubi Amerika, Afrika, Sakit okean və Karib adalarında, eləcə də bir necə Asiya ölkəsində rast gəlinib. Türkiyədə zərərvericinin yayılma arialı Ege və Cənub-Şərqi Anadolu bölgələri ilə məhdudlaşır. Azərbaycanda isə tərəvəz yarpaq lağımlayıcısının aşkar edilməsi ilə bağlı indiyə kimi rəsmi məlumat qeydə alınmayıb. Tərəvəz yarpaq lağımlayıcısı - çiçəkli və tərəvəz bitkilərinin üzərində rast gəlinən, karantin tətbiq edilən polifaq zərərvericidir. Zərərvericinin sahib bitkilərinə, əsasən, pomidor, kartof və qabaq aid edilir. Bundan başqa kərəviz, bibər, sarımsaq, soğan, kələm, çətənə, kahı, kətan, turp, qovun, xiyar, yonca, lobya, noxud, gənəgərçək, badımcan, ispanaq, soya, pambıq, çuğundur və digər bitkilərdə də bu zərəvericiyə rast gəlinir. Tərəvəz yarpaq lağımlayıcısı soyuq ərazilərdə tez məhv olur, isti iqlim şəraitində isə il boyu çox nəsil verə bilir. Yetkin dişi fərd orta hesabla 200-300 ədəd yumurta qoyur. Yarpağın alt səthinə qoyulan yumurtalar 9-12°C-də inkişaf edir və temperaturdan asılı olaraq 2-8 gün ərzində onlardan sürfə çıxır. Sürfələr yumurtadan çıxdıqdan sonra yarpağın mezofili ilə qidalanmağa başlayır və bu zaman yarpaqda girintili-çıxıntılı lağımlar açır. Bu proses sürfənin üçüncü inkişaf mərhələsinə qədər davam edir. Dördüncü mərhələdə isə pup əmələ gəlir ki, bu zaman qidalanma dayanır. Pup mərhələsi 20-30°C temperaturda 7-14 gün davam edə bilər. Optimal temperaturda (30°C) zərərvericinin bir nəslinin inkişafı 15 gün müddətində tamamlanır. Bitkinin həm cavan, həm də yaşlı yarpaqları zərəvericinin açdığı çoxsaylı lağımlar səbəbindən ciddi ziyan görə bilər. Belə ki, Floridada kərəviz bitkisində, Argentinada isə yoncada 80%-ə qədər məhsul itkisi qeydə alınıb. Ümumlikdə bitkilərdə 10%-dən 100%-ə qədər  məhsul itkisi mümkündür. Məsələn, şitil mərhələsində bu zərərvericiyə məruz qalan və ciddi şəkildə ziyan görən balqabaq bitkisi tamamilə məhv ola bilər.