Bal təbii məhsul kimi immunitet gücləndirici və enerji mənbəyi kimi tanınır. Lakin şəkərli diabet xəstələri üçün bu "təbii şirinlik" düşündüyümüz qədər təhlükəsiz deyil.

Foodinfo.az bildirir ki, balın tərkibində əsasən fruktoza və qlükoza kimi sadə şəkərlər üstünlük təşkil edir. Onlar qan şəkərini süni şəkərlərdən fərqli olaraq daha yavaş qaldırsa da, diabet xəstəsinin insulinə olan həssaslığı aşağı olduqda bu maddələr qanda şəkər səviyyəsini təhlükəli həddə çatdıra bilər.

Əlavə olaraq, bazarda satılan bal məhsullarının böyük bir hissəsi saxtalaşdırılmış və ya şəkərlə zənginləşdirilmiş formada olur. Bu isə diabet xəstələri üçün ikiqat risk yaradır – həm qan şəkərinin artması, həm də qaraciyərin yüklənməsi ehtimalı artır.

Mütəxəssislər diabetlə yaşayan şəxslərə baldan tamamilə uzaq durmağı deyil, onun növü, miqdarı və qəbul zamanı qan şəkərinin monitorinqi ilə bağlı həkim nəzarətini tövsiyə edirlər. Təhlükə əsasən "təbii" adı ilə satılan qeyri-standart məhsullardan qaynaqlanır.