“Azərbaycan mətbəxi yeməklərin rəngarəngliyi ilə seçilir”. Foodinfo.az xəbər verir ki, bu barədə tanınmış “National Geographic” nəşrinin Azərbaycanın müxtəlif bölgələrinin 7 məşhur təamından bəhs edən məqaləsində deyilir. Məqalədə qeyd olunur ki, ölkənin doqquz iqlim qurşağı onun sakinlərini bol təzə məhsullar, həmçinin şaftalı, nar, alma, əncir, zəfəran və şirin bibərlə təmin edir. “Azərbaycan mətbəxinin şahı olan zəfəranlı plov hər zaman diqqət mərkəzindədir. O, qril kababı, şişdə ət, dolma və soyuq salatlarla süfrəyə verilir”, – məqalədə bildirilir. Nəşr Azərbaycanın paytaxtı Bakını təmsil edən yemək kimi düşbərəni seçib. “National Geographic”in qeyd etdiyi digər yemək isə Azərbaycanın cənub bölgəsinə aid olan ləvəngidir: “Bu yemək, adətən Azərbaycanın ən mühüm milli bayramı olan, yazın başlanğıcının qeyd edildiyi Novruz bayramında hazırlanır”. “Pitinin adı isə onun hazırlandığı və süfrəyə verildiyi gil qabdan götürülüb”, – nəşr məşhur Şəkini pitisini belə təsvir edir. “National Geographic”də qeyd olunur ki, Naxçıvan bölgəsi “qovurma” adlanan yeməklə tanınır. Müəllifin sözlərinə görə, dana və ya quzu əti doğrandıqdan sonra bir gün qurudulur, duzlanır, bişirilir, daha sonra yağda qızardılır. Məqalədə vurğulanılır ki, Naxçıvanda ətin saxlanması ənənəsi azı XV əsrə gedib çıxır və bununla bağlı “Dədə Qorqud” dastanında bəhs edilib. Azərbaycanın Qax rayonunda bişirilən “sürhüllü” adlı yemək də kulinariya şedevrləri siyahısına düşüb. Milli mətbəxin digər ən vacib yeməklərindən biri isə Gəncənin Şah plovudur. Azərbaycan milli mətbəxinin yeddinci, lakin az əhəmiyyətli olmayan təamı isə Qarabağ kətəsidir.