
Yaşlandıqca hamımızın çevikliyi azalır. Həkimlər hətta insanın stuldan qalxma qabiliyyətini müəyyən etmək üçün xüsusi test keçirirlər. Bu, insanların fiziki funksiyalarını yoxlamağa, yıxılma və zəifliyin artma riski yüksək olan yaşlı insanları müəyyən etməyə kömək edir.
Foodinfo.az xəbər verir ki, insanın oturduğu yerdən ayağa qalxmasının zamanla çətinləşməsinin bir neçə səbəbi var. Qığırdaq və vətərlərin getdikcə "köhnəldiyi" hesab olunur. Həmçinin, qocaldıqda ligamentlərin (bağların) vəziyyətində ümumi pisləşmə və oynaq içərisindəki mayenin (sinovial maye) azalması müşahidə olunur.
Yaşla əzələ kütləsi də azalır. Xüsusən də budların ön hissəsinin ətrafındakı əzələlər zəifləyir. Məhz həmin əzələlərin köməyi ilə biz stuldan qalxırıq.
Xoşbəxtlikdən, elmi araşdırmalar göstərir ki, bütün bu dəyişiklikləri müntəzəm fiziki fəaliyyətlə yavaşlatmaq olar. Bundan əlavə, idman ürək sağlamlığına və psixi sağlamlığa müsbət təsir göstərir.
Yaşlılara həftədə azı iki dəfə güc, tarazlıq və elastiklik məşqləri etmələri tövsiyə olunur. Bundan başqa, sağlamlığı qorumaq üçün həftədə azı 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətlə məşğul olmaq lazımdır (və ya artıq aktiv həyat tərzi sürürsünüzsə, bunun əvəzinə 75 dəqiqə yüksək intensivlikdə məşq etməlisiniz).
Sadalananlardan əlavə, düzgün qidalanma da əzələlərin və oynaqların sağlamlığında mühüm rol oynayır.
Leyla