
Dünyanın ən tanınan və varlı adamları siyahsında yer alan "Facebook"un sahibi Mark Zukerberqin "Threads" adlı yeni sosial şəbəkəsi qısa zamanda böyük populyarlıq əldə edib.
Foodinfo.az xəbər verir ki, cəmi beş gün ərzində bu sosial şəbəkə 100 milyondan çox istifadəçi cəlb etməyi bacarıb.
Bir neçə gün əvvəl "Threads" istifadəçilərinin sayı təxminən 70 milyon idisə, bu gün 100 milyonu keçib, bu isə yalnız iki ay sonra bu rəqəmə çatan "ChatGPT" servisinin artım tempini üstələyir.
İnsanlar platformada aktiv şəkildə qeydiyyatdan keçirlər və bu, təəccüblü deyil. Onlar "Threads"i "Twitter"ə alternativ kimi görürlər və üstəlik, yeni platformada "Twitter"in çatışmazlıqları və problemləri yoxdur.
Onu da nəzərə alaq ki, "Meta"nın yeni tətbiqi hələ Aİ ölkələrində istifadəyə verilməyib. Bu isə əlavə on milyonlarla potensial istifadəçi deməkdir.
Qeyd edək ki, 2022-ci ilin noyabrında istifadəyə verildikdən bəri ilk dəfə olaraq, dünən "ChatGPT"nin populyarlığının azaldığı qeydə alınıb.
Nərmin