Yəqin, hər bir valideyn uşağının hündürboy, qamətli olmasını istəyər. Bəs görəsən, daha çox genetikadan asılı olan boyun artmasına valideynlər özləri necə təsir göstərə bilərlər? Həkimlər düzgün qidalanmanın bu prosesə kömək edə biləcəyi ilə razılaşırlar. Foodinfo.az “Süfrə” jurnalına istinadən mövzu ilə bağlı maraqlı məqaləni təqdim edir:
Boyartımı nədən asılıdır?
Bu, əsasən, valideynlərimizdən bizə miras qalan bir sıra genetik xüsusiyyətlərlə müəyyən olunur. Bununla bərabər, boyun atmasına digər faktorlar da təsir göstərir: fiziki fəaliyyət, sağlamlıq, ətraf mühit, düzgün və balanslı qidalanma və s. Deyə bilərik ki, qidalanma bu şərtlər arasında ən vacibidir. Balanslı qidalanma yaş və fiziki aktivliyə uyğun olaraq bütün lazımi kalori, karbohidrat, zülal, yağ, vitamin və mineral normalarını özündə cəmləşdirməlidir. Mütəxəssislərin fikrincə, zəif bəslənmə boyatmanın ləngiməsinə səbəb ola bilər. Həmçinin müasir dövrdə uşağın daha çox oturaq həyat tərzi keçirməsi (dərsdə, kompüter arxasında və s.) boyatmada bəzi geriləmələrə səbəb ola bilər. Uşaqların orqanizmi 12-13 yaşa qədər aktiv şəkildə böyüyür və yetkin orqanizmlə müqayisədə daha çox vitamin tələb edir.
Boya təsir edən maddələr
Düzgün qidalanma uşaqların qida rasionunda ət və balıq, meyvə və tərəvəz, yumurta və ağartı məhsullarının olması deməkdir. Həkimlər qeyd edirlər ki, uşağın tam böyüməsi üçün kifayət qədər D vitamini və sinkə ehtiyacı var.
Zülallar
Zülalla zəngin qidalar bədəni yeni əzələ toxuması qurmaq və bağları gücləndirmək üçün istifadə olunan amin turşuları ilə təmin edir. İnsan bədəni bəzi amin turşularını sintez etsə də, qalan hissəsini qidadan almalıdır. Uşağın rasionunda həm qoz-fındıq və paxlalılardakı bitki zülalları, həm də mal əti, balıq, yumurta və süd məhsullarındakı heyvani zülallar olmalıdır. Protein miqdarı uşağın çəkisinin hər kiloqramı üçün təxminən 5 q olmalıdır.
Dəmir, sink və vitaminlər
Uşağın düzgün böyüməsi və inkişafı üçün bütün mikronutrientlər vacibdir, lakin sink, dəmir və A2 vitamini xüsusi əhəmiyyət kəsb edir. Mal əti, dovşan və toyuq əti, paxlalılar, kök, pomidor, ispanaq, balqabaq bu maddələrin yaxşı mənbəyidir.
Kalsium və D vitamini
Kalsium böyüməkdə olan uşaq üçün ən vacib minerallardan biridir – güclü sümüklər, dırnaqlar və dişlərin formalaşması üçün uşaqların rasionunda kifayət qədər kalsiumun olmasını təmin etmək lazımdır. Əksər analar bu elementin erkən yaşda çatışmazlığının körpədə raxit xəstəliyinin inkişafına gətirib çıxara biləcəyindən xəbərdardırlar. Kalsium bir insanın böyümə mərhələsində, bir də sümüklərin kövrəkləşdiyi və osteoporoz riskinin yarandığı yaşlanma dövründə xüsusilə vacibdir. Pendir, kəsmik, qatıq kimi süd məhsulları kalsiumla zəngindir. Əgər südə və ondan hazırlanan məhsullara qarşı dözümsüzlüyünüz varsa, həkiminizlə məsləhətləşib kalsium əlavələri qəbul edə bilərsiniz. D vitamini kalsiumun mənimsənilməsində iştirak edir. Bu vitamin bitki yağlarında, qoz-fındıqda və əlbəttə ki, balıq yağında var.
Keyfiyyətli karbohidratlar
Uşaqların çox sevdiyi və xüsusilə yeniyetmələrin tez-tez yediyi qidaların tərkibindəki zərərli karbohidratlar aclıq hissini yatırtmaqdan başqa bir işə yaramır. Onlar yeni hüceyrələrin yaşaması və əmələ gəlməsi üçün kifayət qədər enerji vermir. Yarma və unun tərkibində olan karbohidratlar böyüyən bir orqanizm üçün daha dəyərlidir.
Yağlar
Omeqa-3 yağı kürü, yağlı balıq və balıq yağında var. Qara və qırmızı kürü almaq imkanı olmadıqda onları adi durnabalığı və ya mintay balığının kürüsü ilə əvəz etmək mümkündür.
Təzə meyvə və tərəvəzlər
Meyvə-tərəvəzin tərkibində şəkər və yağlar azdır, bu qidalar vitamin və antioksidantlarla zəngindir. Sonuncular bədənin hüceyrələrinə mənfi təsir göstərən sərbəst radikalların meydana gəlməsi ilə mübarizə aparır. Uşağın boy atması üçün rasionda mümkün qədər çox və müxtəlif rəngli meyvə-tərəvəz olmalıdır.
Boyun artması üçün qidalar:
SÜD – Əgər insanda laktoza dözümsüzlüyü yoxdursa, onda təbii süd ən yaxşı protein mənbəyidir.
TOYUQ ƏTI əzələ və sümük toxumasının böyüməsinə kömək edir.
MAL ƏTI VƏ QARACIYƏRində boy üçün lazım olan dəmir mövcuddur.
YUMURTA təkcə zülal deyil, həm də D vitamini (sarısı) ilə zəngindir.
YULAF lif, zülal və dəmir qaynağıdır. Q
QATIQ, KƏSMIK əzələ və sümüklər üçün lazım olan kalsium mənbəyidir.
BALIQ, KÜRÜ A və D vitaminlərinin, həmçinin fosfor və kalsiumun əsl mənbəyidir.
FINDIQ sink, maqnezium və asanlıqla həzm olunan bitki zülalının anbarıdır.
TƏMIZ SU həzmi yaxşılaşdırır və tullantı maddələrini orqanizmdən çıxarır.
AVOKADOda böyümək üçün lazım olan maqnezium və bitki zülalları var.
KƏLƏMdə toxumaların qurulması üçün tələb olunan çoxlu miqdarda vitamin və kalsium var.