Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” tərəfindən 1625 hektar sahədə aqropark yaradılmışdır. Aqroparkda pivot suvarma sistemi quraşdırılmış, texnika alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnika üçün qaraj tikilmişdir. Burada 490 hektar buğda sahəsindən 4761 ton, 791 hektar arpa sahəsindən 1938 ton məhsul əldə edilib.
Hazırda aqroparkda illik istehsal gücü 20 min ton süd olan 2000 başlıq heyvandarlıq kompleksində son tamamlama işləri həyata keçirilir.İlkin mərhələdə 496 baş cins iribuynuzlu mal-qara gətirilmişdir. Heyvanların gətirilməsi davam etdirilir.
Rayonun Meyniman kəndində 1936 hektar sahəsi olan “Muğan Agro” MMCyə məxsus aqroparkda infrastruktur yaradılmış, iki ədəd mal damı, bir ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqropark su, işıq və təbii qazla təmin olunmuşdur. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir.
Ötən il hər birinin sahəsi 2 hektar olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. 150 hektar sahədə buğda, 245 hektar sahədə arpa, 144 hektar sahədə yonca, 20 hektar sahədə soğan, 80 hektar sahədə pambıq, 250 hektar sahədə qarğıdalı əkilmiş, 57 hektar sahədə meyvə bağı salınaraq, onun ümumi sahəsi 114 hektara çatıdırılmışdır. Bundan əlavə, illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq kompleksi yaradılmışdır. (Marja)