Mütəxəssislər gündəlik qidalanmada şirniyyatların, xüsusilə də peçenyenin həddindən artıq istifadəsinin sağlamlıq üçün arzuolunmaz nəticələr yarada biləcəyini bildirirlər. Onların fikrincə, bu məhsul çox vaxt zərərsiz qəlyanaltı kimi qəbul edilsə də, tərkibindəki şəkər və yağ miqdarı səbəbindən ehtiyatla istifadə olunmalıdır.

Foodinfo.az xəbər verir ki, dietoloq Sofya Kovanova bəzi hallarda peçenyenin rasiondan tamamilə çıxarılmasının məqsədəuyğun olduğunu vurğulayıb. Onun sözlərinə görə, böyüklər bu məhsulu ən çox ayda bir dəfə və cəmi 3–4 ədəd olmaqla istehlak etməlidirlər, uşaqlar və çay süfrəsində tez-tez şirniyyata üstünlük verən şəxslər isə ümumiyyətlə ondan uzaq durmalıdır.

Ekspert əlavə edib ki, seçim edərkən daha qısa müddətdə saxlanılan, yəni iki həftədən artıq raf ömrü olmayan peçenyelərə üstünlük verilməli, həddindən artıq ucuz məhsullardan isə çəkinmək lazımdır. Bu, məhsulun tərkibində süni qatqıların və keyfiyyətsiz yağların çox olma ehtimalı ilə əlaqələndirilir.

Digər mütəxəssislər isə orucdan sonra qidalanmaya qayıdışın da mərhələli olmasının vacibliyini xatırladırlar. İlk günlərdə kefir, yunan yoqurtu və az yağlı kəsmik kimi yüngül həzm olunan məhsullara üstünlük verilməsi, daha sonra isə tədricən balıq, toyuq və hinduşka ətinin əlavə edilməsi tövsiyə olunur, qırmızı ət isə yalnız bir neçə gün sonra rasiona daxil edilməlidir.