Lənkəran şəhəri, “Böyük bazar” ərazisində fəaliyyət göstərən Qurbanov Elnur Abidin oğluna məxsus “Bazardönər” və Hüseynov Bəhruz Baba oğluna məxsus ictimai iaşə müəssisələrində yoxlama keçirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, dönərxanaların qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı istifadə olunan xammal və yarımfabrikatların saxlanma temperaturuna nəzarət edilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.
Bişmiş mal əti və toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində toyuq əti dönərində insan sağlamlığı üçün təhlükəli hesab olunan E.Coli bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxslər barəsində inzibati protokol tətbiq edilib, dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.