Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, “N.A.N.T.” MMC-yə məxsus anbarda keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı anbarda 3, 5 və 6 kiloqramlıq qutularda müxtəlif çəkilərdə qablaşdırılmış etiket məlumatları qeyd edilməyən “Klyukvennaya”, “Snejok”, “Ptiçye moloko”, “İmbimaya”, “Belissimo” əmtəə nişanlı şəkərli qənnadı məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq, aşkar edilmiş nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
[gallery ids="52353,52354,52355"]