
Respublika ərazisində quş qripi xəstəliyinə qarşı aprelin 7-dən aprelin 11-dək epizootoloji monitorinq keçiriləcək. Monitorinq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə aparılacaq.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq.
Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək. Baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinq çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək.
Tədbir müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasında müayinə olunacaq.
