Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti ilə görüş olub.
Foodinfo.az xəbər verir ki, görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin bitkilərə, o cümlədən meyvə və tərəvəzlərə fitosanitar nəzarət, Özbəkistanın E-phyto sisteminə inteqrasiya təcrübəsinin öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair 2025-2026-cı illər üzrə Fəaliyyət Planı” imzalanıb.