26 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub. Səfərdə ölkə ərazisində feromon və rəngli tələlərin müştərək istehsalı müəssisəsinin işə salınmasına dair əldə edilmiş razılaşmalar çərçivəsində AQTA nümayəndə heyəti Moskvada “Rosselxoznadzor”un tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNİİKR) bioloji bitki mühafizə vasitələrinin istehsalı müəssisəsində olub.
Foodinfo.az xəbər verir ki, görüş zamanı AQTA nümayəndələri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) və Ümumrusiya Bitki Karantini Mərkəzinin nümayəndələri ilə istehsal prosesinin təşkilinə dair texniki tələbləri, hazır bioməhsulların logistik xüsusiyyətlərini və saxlanma şəraitini müzakirə ediblər.
AQTA və AQTİ-nin nümayəndə heyəti səfər çərçivəsində həmçinin arı ailələrinin yetişdirilməsi ilə bağlı laboratoriyada da olublar.
Qeyd edək ki, cari ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının feromon tələlərin birgə istehsalına başlanılması planlaşdırılır. Bu, “Rosselxoznadzor”un tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNIIKR) istehsal müəssisələrinin Rusiya Federasiyasından kənarda fəaliyyət göstərən ilk nümunəsi olacaq.
Nümayəndə heyətləri görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
[gallery ids="53226,53227,53228,53229"]