Beynəlxalq ticarət qaydalarına əsasən, heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin tənzimlənməsi üçün xüsusi təhlükəli və ətraf mühitə zərər yetirən, habelə geniş iqtisadi itkilərə səbəb olan xəstəliklər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən izlənilir. Bu xəstəliklərin vaxtında aşkarlanması və mübarizə tədbirlərinin həyata keçirilməsi üçün təşkilatın üzvlüyünə daxil olan 182 ölkədə baytarlıq sisteminin xüsusi meyarlar əsasında qiymətləndirilməsi aparılır. Sözügedən meyarlar bioloji təhlükəsizlik, insan və heyvan sağlamlığının müxtəlif aspektlərini özündə birləşdirən 45 sorğu predmetindən ibarətdir. Sorğu predmetləri beş ballıq sistemlə qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə görə “4” və “5” qiymətlərinin çoxluğu baytarlıq sisteminin beynəlxalq standartlara uyğun qurulduğunu, habelə etibarlı və bütün riskləri qarşılamağa qadir olduğunu göstərir ki, bu da aidiyyəti sahə üzrə beynəlxalq səviyyədə ölkənin nüfuzunun artmasına şərait yaradır. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin dəvəti ilə 2022-ci ilin 9-20 may tarixlərində ölkəmizdə ÜHST-nin ekspertləri tərəfindən “Baytarlıq sisteminin PVS aləti vasitəsilə qiymətləndirilməsi” tədbiri həyata keçirilib və araşdırmalara dair son hesabat təqdim edilib. Qiymətləndirmə proqramına quduzluq xəstəliyinə qarşı epizootoloji vəziyyətin araşdırılması və aidiyyəti tövsiyələrin verilməsi də daxil olub ki, bu da respublikada ilk dəfə həyata keçirilir. Ekspert qrupunun gəldiyi qənaətə görə, 2015-ci ildə keçirilmiş sonuncu qiymətləndirmə dövrü ilə müqayisədə respublikanın baytarlıq sisteminin müasirləşdirilməsində nəzərə çarpacaq dərəcədə ciddi irəliləyişlərə nail olunub. Belə ki, baytarlıq laboratoriyalarının vacib istiqamətlər üzrə beynəlxalq akkreditasiyadan keçməsi və analizlərinin keyfiyyətinə nəzarət mexanizminin işləməsi, heyvan xəstəliklərinin ləğvi üçün xüsusi proqramların hazırlanaraq tətbiq edilməsi, heyvandarlıq məhsullarının təchizat zəncirinin iştirakçısı olan müxtəlif sahibkarlıq subyektləri ilə qarşılıqlı işgüzar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın genişlənməsi kimi sahələr ölkəmizin baytarlıq sisteminin güclü tərəfləri kimi göstərilib. Araşdırma dövründə antimikrob preparatların baytarlıqda tətbiqi və heyvan mənşəli məhsullarda qalıq miqdarının nəzarətdə saxlanmasına daha çox diqqət göstərilməsi və bu sahədə xüsusi prosedurların formalaşdırılmasına ehtiyac duyulduğu qeyd edilib. Ölkənin müxtəlif ərazilərində epizootik vəziyyətdən asılı olaraq xüsusi zonaların və daxili kompartmentlərin yaradılması, habelə bu sahə üzrə mövcud qanunvericiliyin əhatəli olmaması baytarlıq sistemində zəif tərəf kimi qiymətləndirilib. Hesabatda inkişaf etdirilməli olan sahələrdən biri də heyvan yemlərinin təhlükəsizliyinə nəzarət məsələsidir. Bu sahə cari ildən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun predmetinə daxildir ki, burada təhlükəsizliyin təmin edilməsi məqsədilə yemlərin tam təchizat zənciri üzrə nəzarət prosedurları tətbiq ediləcək. Qiymətləndirmə heyətinin vurğuladığı digər məsələ Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin ölkəni tam əhatə etməməsidir ki, artıq bu istiqamətdə mühüm addımlar atılaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iribuynuzlu heyvanların və atların identikləşdirilməsi başa çatıb, ölkə miqyasında isə 50 başdan yuxarı heyvan saxlanılan damazlıq və digər təyinatlı təsərrüfatlara aid heyvanların identikləşdirilməsinə başlanıb.