Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Gürcüstan Milli Qida Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Foodinfo.az-ın məlumatına görə, görüşdə Gürcüstan Milli Qida Agentliyinin təmsilçilərinə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər bu kimi məsələlərlə bağlı yeniliklər barədə məlumat verilib. Bildirilib ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Yeni qanunla qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilmir və bu cür məhsulların idxalı, istehsalı mümkün deyil. Həmçinin markalanmasında Azərbaycan dilində məlumatlar olmayan qida məhsullarının idxalına və dövriyyəsinə qadağa qoyulub. Markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilmir. Eyni zamanda bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları məhsul idxal edilməmişdən əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, eləcə də idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılır.
Yeniliklər barədə məlumatlar dinlənildikdən sonra görüşdə qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparılıb və təkliflər dinlənilib.