Bitki və bitkiçilik məhsullarından nümunə üçün zərərvericilərin toplanması zamanı bir sıra ümumi tələblərə riayət edilməlidir.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, zərərvericilərin toplanması zamanı onların növünün dəqiq təyin edilməsi üçün hər iki cinsə aid nümunələrin olması vacibdir. Buna görə də, zərərvericilərin toplanması zamanı hər növdən mümkün qədər çox nümunə (ən azı 10 ədəd ) yığılmalıdır. 

Zərərvericilər son dərəcə ehtiyatla toplanmalı, onları zədələnmədən və tələf edilmədən yığmaq lazımdır. Zərərvericiləri əl ilə götürmək, kəpənək və milçəkləri uçarkən əl ilə tutmaq və ya ovucun içi ilə sıxmaq olmaz. Həmçinin kiçik canlı və ölü zərərvericiləri yaş barmaqlarla yığılmamalıdır. Zərərvericiləri təmiz sınaq şüşələrinə yığmaq lazımdır. Bu zaman 15x60 mm ölçülü, dibi yastı entomoloji (zərərvericilərdən nümunə götürülməsi üçün istifadə olunan xüsusi sınaq şüşəsi) sınaq şüşələrindən istifadə edilir. Sınaq şüşələrinin ağzını yalnız təmiz hiqroskopik pambıqdan hazırlanmış tıxacla (pambıq tıxac) bağlamaq lazımdır. Tıxac (xüsusilə də canlı zərərvericilərin olduğu sınaq şüşələri üçün) kifayət qədər sıx və mütləq bir pambıq parçasından (bölünmüş pambıq hissələrindən istifadə etmək olmaz) hazırlanmış olmalıdır. Tıxacı sınaq şüşəsindən kənara çıxmayacaq şəkildə yerləşdirmək lazımdır. Eyni sınaq şüşəsinə müxtəlif yüklərdən toplanmış zərərvericiləri yerləşdirmək olmaz. Bir sınaq şüşəsinə müvafiq qaydada müəyyən edilmiş miqdarlardan artıq zərərverici (xüsusilə də canlı) yığmaq olmaz. Canlı böcək sürfələrinin və ya tırtıllarının olduğu sınaq şüşələrinə mütləq bir qədər yem, eləcə də iri ölçülü zərərvericilərin bir-birini zədələməməsi üçün sınaq şüşəsinə yerləşə bilən büzməli kağız zolağı qoyulur. Çox kiçik ölçülü və zərif zərərvericiləri iri ölçülü zərərvericilərlə bir yerdə eyni sınaq şüşəsinə yerləşdirmək olmaz.