
Çayla həlim arasında ciddi fərqlər mövcuddur və bunu çoxları bilmir. Foodinfo.az bildirir ki, bu barədə Qidalanma və Biotexnologiya Federal Tədqiqat Mərkəzinin baş elmi işçisi, diyetoloq Natalya Denisova danışıb. Onun sözlərinə görə, yalnız çay yarpaqlarından dəmlənən içki əsl çay hesab olunur.
Mütəxəssis qeyd edib ki, bitkilərdən, meyvə tikələrindən və ya giləmeyvələrdən hazırlanan içkilər isə əslində həlimdir və onların tərkibində kofein olmur. Denisova vurğulayıb ki, belə içkilər kofeinə həssas olan insanlar üçün daha münasib seçim sayılır.
Həkim bildirib ki, həlimlərin əsas üstünlüyü onların orqanizmə sakitləşdirici və rahatlaşdırıcı təsir göstərməsidir. Lakin Denisova xəbərdarlıq edib ki, fərdi allergik reaksiyalar, xüsusilə polen allergiyası olan şəxslər bu içkiləri istifadə edərkən ehtiyatlı olmalıdır.
Ekspert tövsiyə edib ki, yeni bitki mənşəli içkini ilk dəfə qəbul edərkən az miqdarda — bir-iki qurtum sınaq üçün içmək məsləhətdir. Əgər heç bir allergik əlamət yaranmazsa, içki rahatlıqla qəbul edilə bilər.
Diyetoloq əlavə edib ki, bitki çayları xüsusilə axşam saatlarında sakitləşmək və bədəni yüngülləşdirmək üçün ideal vasitədir.