
Son illər aşağı kalorili desertlərə maraq artsa da, onların tərkibi sağlamlıq üçün risk yarada bilər. Foodinfo.az bildirir ki, bu barədə ROSBIOTECH Universitetinin Dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, bu tip məhsullarda fruktoza, eritritol, steviya, aspartam, sukraloza kimi şəkər əvəzediciləri istifadə olunur.
Lebedeva Gazeta.Ru-ya müsahibəsində bildirib ki, bu maddələr artıq çəki problemini həll etmir, əksinə orqanizmi aldadaraq qlükoza ilə təmin etmir. Nəticədə qanda insulin səviyyəsinin artmasına səbəb olur ki, bu da II tip şəkərli diabet riskini artırır.
Ekspert qeyd edib ki, aşağı kalorili desertləri tez-tez qəbul edənlər eyni anda bir neçə xəstəlik qrupu üçün risk altındadırlar. Belə ki, ürək-damar sistemi, mədə-bağırsaq traktı, böyrəklər, dəri və diş sağlamlığı bu məhsullardan mənfi təsir görə bilər.
Lebedeva vurğulayıb ki, şəkər əvəzedicilərinin uzunmüddətli istifadəsi bədənin təbii maddələr mübadiləsini poza bilər. Üstəlik, bəzi süni dadlandırıcılar allergik reaksiyalar və həzm problemlərinə yol aça bilər.
Mütəxəssis məsləhət görür ki, desert seçərkən mümkün qədər təbii və əlavə maddələrsiz məhsullara üstünlük verilsin.