Qablaşdırma materiallarının beynəlxalq ticarətdə daşınması zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin giriş və yayılma riskini azaltmaq üçün taxta materiallar (yeşiklər və s.) Fitosanitar tədbirlərə dair 15 nömrəli “Beynəlxalq ticarətdə ağac qablaşdırma materiallarının tənzimlənməsi üzrə standart”ın tələblərinə uyğun qaydada zərərsizləşdirilməli və markalanmalıdır. 

Adıçəkilən standarta əsasən, müvafiq zərərsizləşdirilmə tədbirlərinə məruz qalmış taxta qablaşdırma materialları qabıqsız olmalı, xüsusi simvol, ölkə kodu, zərərsizləşdirmə üsuluna dair iki hərfdən ibarət kod, markalanmanı tətbiq edən səlahiyyətli müəssisəyə aid kodu ehtiva edən qaydada markalanmalıdır. Markalanma əllə aparılmamalı, oxunaqlı olmalı, qırmızı və ya narıncı rəngdə olmamalıdır, taxta qablaşdırma materiallarının ən azı iki əks tərəfində gözlə görünən yerinə yerləşdirilməlidir.

Göstərilənlərə əsasən, qeyd olunan tələblərə uyğun olmayan taxta qablaşdırma materialları vasitəsilə daşınan bitki və bitkiçilik məhsullarının idxalına və ixracına qadağalar tətbiq edilir.