Alaq otları fermerlər arasında təsərrüfatlarda, bağ sahələrində arzuolunmaz bitki örtüyü olaraq tanınır.  Buna səbəb isə məhsul yetişdirilməsi zamanı bitkilərin böyüməsini, inkişafını ləngidərək, keyfiyyəti və məhsuldarlığı aşağı salmasıdır. Eyni zamanda alaq otları bitkilərin müxtəlif xəstəliklərə yoluxmasına, ərazidə biomüxtəlifliyin pozulmasına da səbəb ola bilir. Fermerlərin mövsüm hədəflərinə çatmasına mane olan bu bitki örtüyünə qarşı mübarizə aparmaq məqsədi ilə müxtəlif metodlardan istifadə olunur. Belə ki, alaq otlarına qarşı mübarizədə mexaniki və kimyəvi mübarizə üsulları tətbiq edilir.

Alaq Otlarına Qarşı Mexaniki Mübarizə Üsulları

1. Torpağın üzərini örtmək - Malçlama

Bitkilərin ətrafına yəni torpağın üzərinə bitki qalıqları, saman, qurumuş yarpaqlar kimi üzvi malç qatı tətbiq etmək faydalıdır. Malç günəş işığına maneə törətməklə, alaq otlarının toxumlarının cücərməsinin qarşısını alır və alaq otlarının inkişafına mane olur.

2. Köməkçi bitkilərin əkilməsi

Alaq otlarının böyüməsinə təbii şəkildə mane olan bitkilərin əkilməsi məhsul sahələrini qorumağa kömək edir. Məsələn, növbəti məhsul əkininə qədər sahəyə əkilən yonca sıx bitki örtüyü olduğu üçün sahədə alaq otlarının böyüməsinə mane olur.

3. Alaq otlarının əllə yaxud mexaniki vasitələrlə təmizlənməsi

Təsərrüfat sahələrində yabanı şəkildə yetişən alaq otlarını əllə yaxud müxtəlif vasitələrin köməyi ilə kökündən çıxararaq, məhv etmək mümkündür.

Alaq Otlarına Qarşı Kimyəvi Mübarizə Üsulları

Sahələrdə alaq otlarına qarşı kimyəvi mübarizə üsulu olaraq herbisidlər tətbiq edilir.

Herbisid Nədir?

Herbisidlər alaq otları kimi tanınan arzuolunmaz bitki örtüyünü aradan qaldırmaq üçün tətbiq edilən pestisid növüdür. Bu kimyəvi maddələr alaq otlarının yayılmasının, həmçinin, alaq otları vasitəsi ilə məhsul sahələrinə dəyə biləcək zərərlərin qarşısını almaq üçün əkin sahələrinə, qazonlara, bağlara və digər ərazilərə tətbiq oluna bilər. Herbisid tətbiqi alaq otlarına qarşı mübarizənin digər üsullarına nisbətən bir çox üstünlüklərə malikdir.

Herbisid Tətbiqinin Üstünlükləri

1. Herbisidlər alaq otları böyüməzdən əvvəl tətbiq oluna bilər

Alaq otlarına qarşı mübarizənin digər üsullarından fərqli olaraq, herbisidləri əkindən və çiçəklənmədən əvvəl tətbiq etmək mümkündür. Bu isə bitkilərə inkişafın ilkin mərhələlərində qida maddələrinin qəbulu üçün maneələri aradan qaldıraraq, alaq otlarından təmizlənmiş mühitdə böyüməyə imkan verir.

2. Herbisidlər istənilən şəraitdə istifadə oluna bilər

 

Mexaniki üsulların bir o qədər də təsirli olmadığı sıx yetişən bitki sahələrində herbisidlərin tətbiqi alaq otlarına qarşı mübarizəni effektivləşdirir.

3. Herbisidlərin təsirediciliyi daha effektiv və uzunmüddətlidir

Herbisidlər alaq otlarının birbaşa kökünə nüfuz edərək, onların birdəfəlik məhv edilməsini təmin edir. Eyni zamanda herbisidlər altı aya qədər təsirliliyini qoruyur ki, bu isə alaq otlarının yenidən böyüməsinin qarşısını alır.

4. Herbisidlər struktur olaraq oxşar alaq otlarını da məhv edir

Sahələrdə alaq otlarını aradan qaldırmaq üçün mexaniki üsullar tətbiq edildikdə, mədəni bitkilərə bənzəyən alaq otları gözdən qaça bilər. Ancaq herbisidlər oxşar alaq otlarını mədəni bitkilərə zərər vermədən məhv etmək xüsusiyyətinə malikdir.

Herbisidlər Necə Tətbiq Olunur?

Herbisidlər əkindən öncə və ya sonra tətbiq oluna bilər. Müxtəlif herbisid məhsulları maksimum altı aya qədər təsirediciliyini qoruyur. Herbisidlərin tətbiqi zamanı havanın küləksiz, yağmursuz və temperaturun 8-25°C olması əsas şərtlərdəndir. Hər bir herbisid məhsulunun üzərində qeyd olunan etiket təlimatlarına uyğun formada və miqdarda istifadə şərtlərinə riayət edilməlidir. Eyni zamanda tətbiq zamanı qoruyucu geyim vasitələrindən istifadə etmək, həmçinin, dərmanlamadan sonra alətlərin təmizlənməsinə diqqət yetirmək vacibdir. Bundan başqa herbisidlərin tətbiqindən öncə ərazidə müşahidələr aparılaraq, problemin dəqiq şəkildə müəyyən olunması və peşəkar aqronom dəstəyindən yararlanmaq məqsədəuyğundur.

Alaq Otlarına Qarşı Hansı Herbisidlərdən İstifadə Olunur?

Təsərrüfatlarda daha çox rast gəlinən alaq otları və onlara qarşı mübarizə zamanı effektiv təsirediciliyə malik herbisid adları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Herbisid Satışı

Herbisidlər bitkilərin sağlam inkişafını təmin etmək, həmçinin, məhsuldarlığı  və keyfiyyəti artırmaq üçün kənd təsərrüfatlarında tətbiq olunan mühüm bitki qoruma vasitələrindəndir. Ancaq müxtəlif çeşidlərdə olan herbisidləri tətbiq etməzdən öncə torpaq analizini həyata keçirmək, həmçinin, mütəxəssis dəstəyindən yararlanmaq zəruridir. Ölkəmizdə kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimiz üçün pulsuz aqronom məsləhəti xidmətini təklif edir. Fermerlərimiz 828 qısa nömrəsi və ya sosial media hesabları (Instagram, Facebook, LinkedIn) vasitəsi ilə müvafiq xidmət üzrə müraciətlərini, həmçinin ammonium nitrat gübrə çeşidləri, toxumlar, digər bitki qoruma və bəsləmə vasitələri üzrə sifarişlərini ünvanlaya bilər.