Bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsullar, habelə qida məhsullarının istehsalında istifadə edilən sular ərzaq xammalıdır.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. Bu Qaydalara 1 nömrəli əlavədə (“İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”) qeyd olunur ki, heyvan yetişdirən yaxud heyvan mənşəli ərzaq xammalı istehsal edən qida subyektləri aşağıdakıların qeydlərini aparmalıdır:

-heyvanlara verilən yemin xüsusiyyətləri və mənşəyi;

- heyvanlara tətbiq edilən müalicə üsulları və baytarlıq preparatları, o cümlədən onların orqanizmə daxil edilmə və daxil edilmənin dayandırıldığı tarixləri;

- heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinə təsir edə biləcək xəstəliklərin baş verməsi;

- diaqnostika məqsədilə heyvanlardan götürülmüş nümunələrdə insan sağlamlığı üçün əhəmiyyət kəsb edən müvafiq sınaqların nəticələri;

- heyvanlar və heyvan mənşəli qida məhsulları ilə bağlı aparılmış baytarlıq nəzarəti tədbirləri (yoxlamalar və hesabatlar). 

Bitki mənşəli qida məhsulları istehsal edən yaxud yetişdirən (yığımını həyata keçirən) qida subyektləri aşağıdakıların qeydlərini aparmalıdır:

- bitki mühafizəsi vasitələrinin tətbiqi nəticələrini;

- bitki mənşəli məhsulların təhlükəsizliyinə təsir edə biləcək hər hansı zərərvericilərin və ya xəstəliklərin baş vermə hallarını;

- insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bitki və bitkiçilik məhsullarından götürülmüş nümunələr və ya zərərvericilər üzərində aparılmış sınaqların və təhlillərin nəticələri.

“Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirlir ki, qida subyektləri diri heyvanlar və ya qida məhsullarının emalında istifadə olunan materiallar istisna olmaqla, son hazır məhsulu insan istehlakı üçün yararsız vəziyyətə salan, habelə parazitlər, patogen mikroorqanizmlər və ya toksinlərlə çirklənmiş və ya kənar maddələrlə çirklənmə ehtimalı müəyyən edilmiş xammal (ərzaq xammalı, qablaşdırma materialları və s.), inqrediyentlər və ya məhsulları qəbul etməməlidir. Həmçinin qida obyektləri qida məhsullarının, onların inqrediyentlərinin, ərzaq xammalının, o cümlədən qablaşdırma materiallarının və kimyəvi maddələrin (məsələn, yuyucu vasitələr, sürtkü maddələri, yanacaq və s.) saxlanması üçün müvafiq tələblərə uyğun avadanlıqlarla təmin edilməlidir.